AZ | RU | EN
AZ | EN | RU

Mükafatlar bayram günü təqdim olundu

08 Nov 2019

Noyabrın 8-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.

Kursantların zal boyu keçərək çiyinlərində səhnəyə qaldırdıqları möhtəşəm bayraq auditoriya tərəfindən gurultulu alqışlarla qarşılanıb. Rəsmi hissədə Vətən, torpaq, müqəddəs bayrağımız haqqında çıxışlar səslənib.
Tədbirdə AHİK-in nümayəndəsi X. Bağırova çıxış edərək komandir heyətinə və kursantlara AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təbrikini çatdırıb. Deyib ki, hərbi lisey artıq 20 ilə yaxındır ki, AHİK tərəfindən mədəni hamiliyə götürülmüşdür. Bu illər ərzində liseydə təhsil alan gənc hərbçilər arasında mütəmadi olaraq vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilir, dərs əlaçılarına, müsabiqə qaliblərinə AHİK-in diplomları və qiymətli hədiyyələri, sahə HİRK-lərinin pul mükafatları təqdim olunur. Təşkilatımız gənclərin dünyagörüşünün formalaşmasında böyük əhəmiyyət kəsb edən bu cür tədbirləri keçirməklə öz hamilik missiyasını davam etdirir. İnanırıq ki, bu gün istedadlarını üzə çıxardığımız kursantlar gələcəkdə daha böyük uğurlara nail olacaq, ordumuzun gələcək zabitləri kimi əzmlə Vətənimizin, torpaqlarımızın keşiyində duracaqlar.

Sonra 2018/2019-cu tədris ili üzrə yüksək göstəricilər əldə edən kursantlara və Dövlət Bayrağı Gününə həsr edilmiş inşa yazı müsabiqəsinin qaliblərinə AHİK-in diplomları və qiymətli hədiyyələri, eyni zamanda sahə həmkarlar ittifaqı respublika komitələrinin pul mükafatları təntənəli surətdə təqdim edilib.  Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Qafarova isə AHİK-in Fəxri Diplomu ilə təltif olunub.
Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə hazırlanmış bədii hissədə “Aysel” rəqs ansamblının ifasında bayrağa həsr olunmuş xoreoqrafik kompozisiya, liseyin mühafizə işçisi Asif Hacıyevin oğlu ilə birgə ifa etdiyi duet, tanınmış müğənnilər Nurlan Əzizbəyli, Vüsal Hacıyev və İlahə İbadovanın Azərbaycana, Dövlət bayrağına, Vətənə həsr edilmiş mahnıları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda şəxsi heyətlə iş üzrə lisey rəisinin müavini, şöbə rəisi, polkovnik Müslüm Nəsibov bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. O, gənclərə göstərilən diqqət və qayğıya görə AHİK-ə xüsusi təşəkkür edərək, bu hamilik missiyasının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını qeyd edib.

FAYDALI KEÇİDLƏR