AZ | RU | EN
AZ | EN | RU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılır

03 Dec 2020

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi hər il üzv təşkilatların əməkdaşlarının iş şəraitinin vəziyyətini yoxlamaq məqsədilə komissiya yaradır.  Komissiya üzvləri vəziyyəti yerində yoxlayır, arayış hazırlayır, müzakirə üçün Respublika Komitəsinə təqdim edir. Respublika Komitəsində arayış müzakirə edilir, müvafiq tədbirlər görülür. Nöqsanların operativ aradan qaldırılması üçün müəssisə rəhbərlərinə yazılı müraciət olunur. Müraciətin icrası nəzarətdə saxlanılır. Bu iş üsulu olduqca səmərəli və təsirlidir. Mövcud vəziyyət də bunu sübut edir. Təsadüfi deyil ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ötən il keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirdiyi Respublika baxış-müsabiqəsinə sahənin, demək olar ki, əksər müəssisələri qatılmışdılar. Özü də hamısı birinci yer həvəsi ilə. Etiraf edək ki, hər biri də bu həvəsdə haqlı idi.
Mübarizə çox gərgin keçdi. Bütün müəssisələr ən yaxşılar sırasında yer almaqdan ötrü nə lazımsa etdi. Müsabiqənin gedişi yerli həmkarlar ittifaqlarının əməyin mühafizəsi komissiyaları tərəfindən izlənilir, qeydlər götürülür, əməli köməkliklər göstərilirdi.
İş yerlərində müəyyən səbəblərdən təhlükəsizlik qaydalarına müvafiq gəlməyən nöqsanlar dərhal həllini tapırdı.
Müsabiqənin nəticələri müzakirə olunarkən, bütün komponentlər nəzərə alınmaqla, üstünlük Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzinə verildi.
Dekabrın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında Mərkəzin nümayəndələrinə müsabiqənin mükafatlarının təqdimetmə mərasimi oldu.
Mərasimdə Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyev çıxış etdi. O, qalib təşkilatın rəhbərliyini və həmkarlar ittifaqının əməkdaşlarını yüksək nəticə münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Dedi ki, yaxşı əmək şəraiti yüksək istehsalat göstəriciləri deməkdir. Sizin müəssisənizin istehsalatdakı nailiyyətlərinin əsasında işçilərə yaratdığınız müasir, yüksək tələblərə cavab verən iş şəraiti durur. Daha bir uğur gətirən amil isə həmkarlar ittifaqı təşkilatının tərəfdaşları ilə sıx əməkdaşlıq, anlaşma şəraitində işləməyi bacarmasıdır.
Əbülfəz müəllim tədbir iştirakçılarını Azərbaycan Ordusunun Qarabağda qazandığı tarixi Qələbə münasibətilə də təbrik etdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab    İlham Əliyevin komandanlığı altında qazanılan hərbi qələbələri Azərbaycanın gələcək inkişafına əvəzsiz töhfələr adlandırdı. Dedi ki, artıq xalqımız 30 illik arzusuna qovuşdu. Artıq Azərbaycan leksikonundan “məcburi köçkün” sözləri birdəfəlik silindi. Bu qələbələri bizə bəxş etmiş igid oğullarımızın bir çoxu şəhid olmuş, bir çoxu isə sağlamlığını itirmişdir. Sağlamlığını itirən döyüşçülərimizin sizin müəssisənizin məhsullarına ehtiyacı var. Əminəm ki, siz bu ehtiyacın yüksək keyfiyyətlə, lazımi həcmdə ödənilməsinin öhdəsindən gələcəksiniz.

FAYDALI KEÇİDLƏR