AZ | RU | EN
AZ | EN | RU

S. Möhbalıyev Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclasında çıxış edib

21 Oct 2019

Oktyabrın 21-də Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda  PARŞ-ın Baş Assambleyasının  dekabrın 16-da keçiriləcək iclasına hazırlıq məsələləri və Baş Assambleya tərəfindən növbəti 4 il üçün qəbul ediləcək Siyasi Sənəd müzakirə olunub.
 AHİK-in sədri, Milli Məclisin deputatı, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev iclasda çıxış edib.
S. Möhbalıyev   çıxışında həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı təşkilati işlər və  gənclərlə aparılan iş, onların problemləri və həmkarlar ittifaqları olaraq bu sahələrdə görüləcək  və həyata keçiriləcək tədbirlər  haqqında öz fikirlərimi bölüşüb. Qeyd edib ki, hazırki şəraitdə beynəlxalq aləmdə bəzi istisnalar olmaqla həmkarlar ittifaqlarının boy artımı ciddi problem olaraq qalmaqdadır. Təbii ki, bunu həll etmək üçün ilk növbədə həmkarlar ittifaqlarının yaradılması və fəaliyyəti əsas şərt olaraq qalmaqdadır. Heç kimə sirr deyildir ki, işəgötürənlər həmkarlar ittifaqlarının yaradılmasına o qədər də isti münasibət bəsləmirlər. Özəl və xarici sərmayə ilə çalışan müəssisələr, o cümlədən transmilli kompaniyaların rəhbərləri həmkarlar ittifaqı təşkilatı yaratmaq təşəbbüsü ilə çıxış edən işçilərə bütün vasitələrdən istifadə edərək təzyiq göstərməyə çalışırlar. Belə işçiləri iş yerlərini dəyişməklə və ya tamamilə işdən azad etməklə hədələyirlər. Hazırki şəraitdə işçi üçün iş yerinin itirilməsinın nə demək olduğunu isə biz həmkarlar ittifaqları olaraq çox yaxşı bilirik. Məhz bu baxımdan biz çalışmalıyıq ki, həmkarlar ittifaqları yaradılarkən işçilər bundan az zərərlə çıxsınlar. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özəl, birgə müəssisələrlə və transmilli kompaniyalarla həmkarlar ittifaqlarının yaradılması ilə bağlı iş apararkən Beynəlxalq Əmək Təşkilatının 87, 98 saylı Konvensiyalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına istinad edir.

AHİK sədri  həmkarlar ittifaqları üçün daha bir vacib məsələyə -   gənclərlə aparılan işlərdə həmkarlar ittifaqlarının yeri və rolu ilə bağlı məsələyə toxunub. Hesab edib ki, gənclərin  hüquq mənafelərinin müdafiə olunması, gənclərə həmkarlar ittifaqlarının mövcudluğunun, təyinatının, vəzifələrinin  zəruriliyinin təbliği, onların həmkarlar ittifaqı üzvlüyünə cəlbi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarına riayət olunması Həmkarlar İttifaqlarının gənclər siyasətinin əsasını təşkil etməlidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gənclər siyasətinin həyata keçirilməsində və gənc əməkçilərin hüquqlarının qorunmasında gördüyü işlər və qarşısında duran vəzifələri özünün Məclisində (2 iyul 2005-ci il) geniş müzakirə etmiş, gənclər siyasəti konsepsiyasını və proqramını qəbul etmişdir. Hazırda bu Konsepsiya və proqrama uyğun olaraq işlər davam etdirilir.  “Çox təəssüf ki, bu gün dünya iqtisadiyyatının bazar münasibətləri şəraitində gənclərin sosial iqtisadi vəziyyəti bir qədər pisləşib. Bu səbəbdən də həmkarlar ittifaqları gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin gücləndirilməsinə çalışmalıdır”.  Pan Avropa Regional Şurası bu məsələdə öz imkanlarından istifadə edərək maarifləndirici işlərinin coğrafiyasını genişləndirməyə səy göstərməlidir. Doğrudur, 2012-ci ildən AHİK-in maliyyə dəstəyi ilə region ölkələri gənclərinin iştirakı ilə gənclərin məşğulluq problemləri ilə bağlı hər il Bakı şəhərində seminar və konfranslar keçirilir. Hesab edirəm ki, bu təcrübə davam etdirilməlidir. Eyni zamanda gənclər forumunun və gənclərin yay məktəblərinin təşkili də faydalı olar.

S. Möhbalıyev bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərmişdir.  Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası BƏT-in Dayanıqlı İnkişaf Məqsədləri üzrə iki prioritet təşkilatından biridir. (Moldova və Azərbaycan) . Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı komissiya yaradılıb. Komissiyanın üzvləri tərəfindən “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri:  2015-2030-cu illər Gündəliyi- Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası” sənədi hazırlanıb.  Sənəddə Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyindən 6 məqsəd AHİK üçün prioritet məqsədlər kimi seçilib. Bu məqsədlər aşağıdakılardır:
 
Məqsəd 1: Yoxsulluğa son
Məqsəd 3: Yaxşı səhiyyə və rifah
Məqsəd 4: Keyfiyyətli təhsil
Məqsəd 5: Gender bərabərliyi
Məqsəd 8: Layiqli əmək və iqtisadi artım
Məqsəd 17: Məqsədlər üçün tərəfdaşlıq
 
Həmkarlar ittifaqları 2015-2030-cu illər Gündəliyi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi və qiymətləndirilməsində tam şəkildə iştirak etməlidirlər.  Bunun üçün 2030-a qədər olan müddət ərzində aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır:
 
- BƏT-in müvafiq  konvensiyalarının ratifikasiyasının dəstəklənməsi və bu konvensiyaların dəstəklənməsi üçün normativ aktların qəbul edilməsi;
 - təhlükəsizlik, səhiyyə və davamlı inkişaf məsələlərini həll edən ikitərəfli və üçtərəfli mexanizmlərin yaradılması;
 - davamlı inkişafa nail olmaq üçün toplu ekoloji sazişlərin sayının artırılması;
 - statistik hesabatlara uyğun olaraq sənaye qəzalarının, zədələnmələrin və peşə xəstəliklərinin sayının azaldılması üçün mübarizə aparılması;
 
- işçilərin təhsilinin, xüsusilə də işçi təhlükəsizliyi və sağlamlığı sahəsində və iş mühitinin yaxşılaşdırılması sahəsində təhsilin təşkili, peşə hazırlığı və yenidən hazırlıq işlərinin genişləndirilməsi.
AHİK sədri çıxışının yekununda ümidvar olduğunu bildirib ki, İcraiyyə Komitəsinin  yığıncağında qəbul ediləcək qərarlar üzv təşkilatların fəaliyyətinin bir daha canlandırılmasına, günün tələblərinə uyğun olaraq Pan Avropa Regional Şurasının qarşısında duran vəzifələrin uğurla həllinə yardımçı olacaqdır.

FAYDALI KEÇİDLƏR