Təhsil İşçiləri Həmkarlar İttifaqının Məclisi keçirilib
28 Nov 2019
Noyabrın 28-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi olub. Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələlərlə tədbir iştirakçılarını tanış edib.
Məclisə yeni üzvlərin namizədliyi təqdim və təsdiq olunub.
Sonra Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə
“Ali təhsil müəssisələrində ittifaq üzvlərinə yaradılmış iş şəraiti, əməyin
mühafizəsi, təhlükəsizlik texnikası qaydaları ilə əlaqədar görülən işlər və
qarşıda duran vəzifələr barədə arayışı oxuyub.
Arayışla bağlı qərar layihəsi oxunub və səsə qoyularaq qəbul
edilib.
Sonra “2020-ci ilin I rübündə Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqının xidmətində olan ilk təşkilatlarda hesabat-seçki
yığıncaqlarının keçirilməsi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının ştat cədvəlinin
təsdiqi barədə”, “ATİAHİ-nin yaranmasının 100 illik yubileyinin keçirilməsi barədə”
və digər məsələlərə baxılıb müvafiq qərarlar qəbul olunub.
Respublika Komitəsinin sədri, millət vəkili Səttar
Möhbalıyev Məclisdə müzakirə olunan məsələlərə münasibət bildirərək görülən işləri
müsbət qiymətləndirib. Deyib ki, AHİK 2009-cu ildən “Sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması ilə bağlı ilin ən yaxşı müəssisə (təşkilatı)” devizi
altında müsabiqə keçirir. Müsabiqənin keçirilməsində məqsəd idarə, müəssisə, təşkilat
rəhbərlərində əməyin təhlükəsizliyi məsələsinə maraq oyatmaq, onları nöqsanları
aradan qaldırmağa sövq etməkdir. Təcrübə göstərir ki, bu istəyimizə nail
oluruq. Müsabiqənin nəticələri, iştirakçıların sayının ildən-ilə artması da
bunu sübut edir.
Millət vəkili bildirib ki, əksər ali təhsil müəssisələrində
yeniliklər həyata keçirilir, amma ilk növbədə əməyin mühafizəsi məsələsinə diqqət
yetirilməlidir. Bütün dünyada layiqli iş yerlərinin yaradılması ilə bağlı müzakirələr
gedir. Beynəlxalq Əmək Təşkilatının müzakirələrində də əsas yer tutan məsələlərdən
biri budur. Təhlükəsizlik məsələsinə diqqət edilməsə, əməl olunmasa çox ciddi fəsadlar
ola bilər. Ona görə də, qeyd olunan məsələlər daim nəzarətdə saxlanılmalıdır. Həmkarlar
ittifaqı təşkilatları bu işlərdə diqqətli olmalıdır.
Təhsil Nazirliyi ilə TİAHİ RK arasında 2019-2021-ci illəri
əhatə edən kollektiv sazişin texniki təhlükəsizliklə bağlı olan maddələrinin
yerinə yetirilməsinə hər zaman nəzarət etmək lazımdır.
S. Möhbalıyev deyib ki, həmkarlar ittifaqlarının ən məsuliyyətli
dövrü hesabat-seçki yığıncaqlarının keçirildiyi ərəfədir. Seçkilərin keçirilməsi
ciddi bir məsələdir. Çünki bu, gələcək fəaliyyətin formalaşmasına birbaşa təsir
edir. Seçkilərdə RK-nın bütün üzvləri fəal iştirak etməlidir.
Ali təhsil müəssisələrində həmkarlar ittifaqları
sıralarına seçkilər ədalətli keçirilməlidir. Tələbə həmkarlar ittifaqı komitəsi
də diqqətli olmalıdır. Həmkarlar ittifaqlarının əsas məram və fəaliyyəti gənclərə
daha dolğun izah olunmalıdır. Gənclərlə səmimi münasibət qurub, onları dinləməliyik,
imkan daxilində problemlərini həll etməliyik.
S.Möhbalıyev bildirib ki, dövlət başçısı tərəfindən ölkədə
əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar keçirilir,
bu, gələn ildə də davam etdiriləcək. Həmkarlar ittifaqı təşkilatları olaraq biz
də bu islahatları dəstəkləyirik.
S.
Möhbalıyev gələn il TİAHİ RK-nın 100 illik yubileyinin keçirilməsi ilə bağlı
bildirib ki, bununla bağlı tədbirlər planı nəzərdə tutulub. Tədbirlərə xarici
qonaqların, beynəlxalq təhsil işçiləri həmkarlar ittifaqı qurumlarının rəhbərlərinin,
üzvlərinin, eləcə də Təhsil Nazirliyinin, dövlət qurumlarının nümayəndələrinin
dəvət olunacağı gözlənilir. Təhsil işçilərinin yubiley medalının hazırlanması nəzərdə
tutulub. Təhsil sahəsində xidməti olan şəxslərin medal və fəxri adlarla təltif
olunması barədə ölkə başçısına müraciət ediləcək.