AZ | RU | EN
AZ | EN | RU

Üçtərəfli komissiyanın iclası keçirilib

12 Feb 2019

Fevralın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib.

Üçtərəfli Komissiyanın 2019-cu ildəki ilk iclasının gündəliyi 2019-cu il üçün iş planının müzakirəsinə həsr olunub. İş planına tərəflərin təklifləri nəzərə alınmaqla, 18 məsələ salınıb. Müzakirələr zamanı komissiya üzvləri iş planının ayrı-ayrı bəndləri ilə bağlı mövqelərini bildirmiş, bəzi dəyişikliklər etmişlər. İclasda həmçinin iş planında nəzərdə tutulan məsələlərin il ərzində müəyyən təqvim planı əsasında müzakirə olunması qərarlaşdırılmış, eləcə də oxşar bir sıra bəndlər birləşdirilmişdir. İş planına əsasən, sosial və iqtisadi sahədə olan bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanması, onların müzakirəsinin təşkili və həmin sənədlərlə bağlı mövqelərin razılaşdırılması nəzərdə tutulur. İş planına eləcə də Beynəlxalq Əmək Təşkilatının 100 illiyi ilə əlaqədar hökumət və sosial tərəfdaşlar tərəfindən il ərzində keçiriləcək tədbirlərin müzakirəsi əlavə edilib.

İclasda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının müzakirəsi aparılıb, Sahibkarlar Konfederasiyasının və onun üzvü olan biznes assosiasiyaların mövqeləri hökumətin və həmkarlar ittifaqı təşkilatlarının diqqətinə çatdırılıb.

İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə minimum əməkhaqqının artırılması olub. Tərəflər cənab Prezident tərəfindən minimum əməkhaqqının artırılmasını yüksək qiymətləndirərək bu məsələni il ərzində diqqətdə saxlayıb. İlin sonunda, sosial tərəfdaşların mövqelərini nəzərə almaqla, həm minimum əməkhaqqının məbləği, həm də hesablanma meyarları barədə təkliflərin Komissiya adından hökumətə çatdırılmasını razılaşdırıblar. İclasın yekununda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın 2019-cu il üçün iş planı əsas etibarilə təsdiq edilib.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya ölkəmizdə ümumən sosial-iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Ötən dövr ərzində Komissiyanın 10 iclası keçirilib, bu iclaslarda onlarla normativ aktın müzakirəsi baş tutub.
Tədbirdə AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov, şöbə müdiri Çingiz Tağıyev, Mədəniyyət İşçiləri Hİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova iştirak ediblər.

FAYDALI KEÇİDLƏR